Ali Məhkəmə işçi və işəgötürən mübahisələrinə dair qərar qəbul edib.
Ali Məhkəmə avtoqəza mübahisəsi ilə bağlı - QƏRAR QƏBUL EDİB
Bu barədə FED.az-a Ali Məhkəmədən məlumat verilib.
Məlumata görə, Ali Məhkəmənin qərarı ilə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üzrə vahid məhkəmə təcrübəsi müəyyən edilib.
Bildirilib ki, işin hallarına görə, işçi (iddiaçı) poliklinikaların birində həkim-mütəxəssis vəzifəsində işləyib. Poliklinikanın 17.05.2022-ci il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndinə (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilib.
Həmçinin işin halları ilə müəyyən olunur ki, iddiaçı barəsində cinayət təqibi başlanıb, sonra onun əməlində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib olunub. Protokola mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi onun barəsində üç ay müddətinə inzibati həbs tətbiq edib. O, həbs olunduğu tarixdən etibarən işə çıxmayıb, əmək funksiyalarını yerinə yetirməyib, onun həbs olunması müəyyən olunduğu andan isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərək, tutduğu vəzifədən azad edilib. İddiaçı məhkəməyə müraciət edərək, işdən çıxarılmasına əsas olan əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş edib.
Birinci instansiya məhkəməsi iddiaçının şikayətini təmin edib. Sonra cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Apellyasiya məhkəməsi şikayəti qismən təmin edib. Daha sonra cavabdeh Ali Məhkəməyə müraciət edib.
Kassasiya instansiya məhkəməsinin mövqeyi nədən ibarətdir?
Ali Məhkəmə hesab edir ki, işçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur.
Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz.
Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub, iş üzrə yeni qərar çıxarılıb.