Ali Məhkəmə yol-nəqliyyat hadisələrinə dair mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Ali Məhkəmədən kredit mübahisələrinə dair - MÜHÜM QƏRAR
FED.az xəbər verir ki, Ali Məhkəmədə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs 2020-ci il 2 may tarixində idarə etdiyi avtomobillə hərəkətdə olarkən, qarşıdan gələn digər avtomobillə toqquşub, nəticədə 3 şəxsin ölümünə səbəb olub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü ilə şəxs barəsində Cinayət Məcəlləsinin (CM) 263.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.
Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş edib. Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü verilmiş apelyasiya protestinə münasibətdə ləğv edilib, təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkum kassasiya şikayəti verib. Ali Məhkəmənin 15 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin həbsə alınmasına dair müddəalar istisna olmaqla ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınıb. Şəki Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verib. Kassasiya protestində qeyd edilib ki, şəxs ibtidai istintaq zamanı ifadəsində ona CM-nin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də, məhkəmə istintaqında özünü müdafiə etmək, cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi ilə ifadəsini dəyişib təqsirini inkar edib.
Eləcə də, zərərçəkmiş şəxslər məhkəmə istintaqında ifadələrini dəyişib, ibtidai istintaq dövründə bildirdiklərindən fərqli ifadələri səsləndirməklə təqsirləndirilən şəxsin məsuliyyətdən kənar qalması üçün şərait yaradıb. Apellyasiya instansiyası məhkəməsi isə həmin ifadələrə əsaslanmaqla sonuncunun CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verib işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlib.
Şikayət üzrə Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, Cinayət Prosessual Məcəlləsinin 19.7 və 91.5.10-cu maddələrinə görə, təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə borclu deyil, özünə qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüquqlarının sahibidir.
Yekunda Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilməyib, apellyasiya instansiya məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.