İnternet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Sumqayıtda vətəndaşın bank kartından 3 340 manat pul oğurlanıb
Bu barədə FED.az-a DİN-n mətbuat xidmətindən məlumat verilib. Həmin şəxslər ətrafında aparılan tədbirlər nəticəsində məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, onların dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında informasiyalar yerləşdiriblər.
Sonra onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card to card” əməliyyat sistemi ilə hesablarına köçürüblər.
Araşdırmalar zamanı həmin şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub.
Baş İdarədə faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.