Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə yeni qaydalar tətbiq ediləcək. Korrupsiya cinayətlərinə nəzarətin sahəsi artacaq, iş yerlərində korrupsiyanın aşkar edilməsi üçün yeni mexanizmlər quralacaq, korrupsiya barədə məlumat verən işçilər isə daha yaxşı qorunacaq.
FED.az xəbər verir ki, bütün bunlar “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib təsdiqlənib və onun dövlət başçısı tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Qeyd olunub ki, bu qayda qanunda əvvəl də var idi. Qanunun 11-2.2-ci maddəsində deyilirdi ki, koorrupsiya haqqında məlumat verən şəxsə və onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq məsuliyyətə səbəb olur. İndi isə bu məsələ bir az da sərtləşdirilib. Həmin maddə dəyişdirilib və yazılıb ki, belə hallara yol vermək ümumiyyətlə qadağandır.
Amma bunun davamı da var. Həmin maddəyə edilən əlavədə göstərilir ki, korrupsiya haqqında məlumat verən işçiyə bu məlumatına verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, onu işdən çıxarmaq, başqa işə keçirmək, əməkhaqqından qanunsuz pul tutulması, vəzifədə irəli çəkilməsinə mane olmaq, qəsdən mənfi xasiyyətnamə vermək, onu pisləmək və sair belə addımlar atıla bilməz. Bunu etmək məsuliyyətə səbəb olur.
Eyni zamanda qanuna edilən əlavəyə görə, korrupsiya haqqında məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür. Başqa sözlə, məsələn, korrupsiya haqqında məlumat vermiş işçi şikayət edib, öz rəhbərliyi tərəfindən sıxışdırıldığını bildirirsə, məsələ araşdırılanda, işçi bunu sübut etməli deyil. Rəhbərlik sübut etməlidir ki, bu hala yol verməyib.
Başqa sözlə, yeni qanunda korrupsiya haqqında məlumat verən işçilərin qorunması üçün çoxsaylı tədbirlər nəzərdə tutulub.