Külli miqdarda rüşvət ittihamı ilə həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Eləcə də bax: “Aldığım rüşvətin 2,5 milyonunu Qarayevə otağında şəxsən vermişəm”
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, İH-nin Hüquq şöbəsinin müdiri Rahib Zahidov deyib ki, Vilyam Hacıyevin verdiyi tapşırıqları icra edib: “Torpaq, mənzil, tikintiyə icazə almaq, torpaq təyinatını dəyişdirmək istəyən adamları mühasibatlığa yönləndirmişəm. Mən tapşırıqları icra etmişəm. Sərəncam layihəsini, müqavilələri hazırlayırdım. Burada həm qanuni, həm qanunsuz əməllər olurdu. Elə adamlar vardə ki, pul alınıb mənzil verilirdi, bəziləri öz növbəsi ilə alırdı.
Biz etiraz edə bilmirdik. Vilyam Hacıyev deyirdi ki, “rəhbər mənəm, nə deyirəmsə, edin”.
Evlər üçün pul otaqların sayına görə alınırdı. Məsələn, 2 otaqlı mənzil üçün 10 min, 3 otaqlı üçün 18 min pul verilirdi. Məsələn, 200 hektarlıq sahənin təyinatını dəyişdirmək üçün 20 min manat verildiyi yadımdadır. Adamlar pulu mənim yanımda mühasibə verirdi. İşimizi itirməmək üçün Vilyam Hacıyev nə deyirdi edirdik”.
Daha sonra İH-in baş memarı Nazim Rəsulov dindirilib. O qeyd edib ki, rayonda təmir-tikinti işlərinə nəzarət edib: “Mən sənədlərdəki uyğunsuzluqlarla bağlı irad bildirəndə Vilyam Hacıyev deyirdi ki, “mən başçıyam, nə deyirəmsə, elə”. Vilyam Hacıyev hər həftə sahibkarlardan pul yığırdı. Tikintisi aparılmayan şeylər üçün büdcədən pul ayrılırdı. İşimiz rüşvət üzərində qurulmuşdu. Vəzifədə qalmaq üçün məcbur rəhbərə xidmət edirdim. İşimi itirməkdən qorxurdum.
Məsələn, vətəndaş müraciət edirdi ki, həyətyanı sahədə tikinti aparmaq istəyir. Mən də bu barədə başçıya məlumat verirdim. Başçı əraziyə uyğun olaraq məbləği deyirdi. Biz də vətəndaşa deyirdik”.
Baş memar bildirib ki, İcra Hakimiyyətinin yeni binasının tikintisi üçün bünövrə tamamlanmamış podratçı şirkətə 4 milyon manat köçürülüb: “Vilyam Hacıyevə dedim ki, belə olmaz. Sonra bu, mənim üstümdə qalacaq. Görülən işlər şişirdilmiş şəkildə göstərilirdi. Üstəlik, bir sənədə icra başçısı qol çəkibsə, mən onu ikinci dəfə geri qaytara bilməzdim. Hətta qaytardığıma görə məni 2 dəfə işdən çıxarmaq da istəyiblər”.
V.Hacıyev hər iki şahidin ifadəsinə etiraz edib və ittihamlarla razılaşmayıb.
Proses fevralın 7-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.