Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun əməlləri ilə bağlı detallar bəlli olub.
Eləcə də bax: Dövlət Xidmətinin sabiq rəisinin Türkiyədə mülkləri üzə çıxıb - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Z.Sultanov istintaqa ifadəsində deyib ki, aldığı rüşvətin böyük əksəriyyətini sabiq nazir Əbülfəs Qarayevə verib.
Zakir Sultanov mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq istəyən şirkətlərdən pul alıb. Onun sözlərinə görə, aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib. Z.Sultanovun ifadələrinə əsasən, Ə.Qarayevə verdiyi pulların ümumi məbləği 2,5 milyon manatdan çox olub.
Məhkəmə materiallarına əsasən, Zakir Sultanovun Əbülfəs Qarayevə xidməti otağında verdiyi pulların məbləğini epizodlar üzrə təqdim edirik:
- 2018-ci ildə layihənin həyata keçirilməsinə şərait yaradılması üçün podratçı şirkətdən aldığı 900 min manatdan 700 min manatı;
- Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə görə icraçı şirkətdən aldığı 533 min manat, Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisini həyata keçirəcək icraçı şirkətdən aldığı 218 min manat, beləliklə iki layihə üçün ümumilkdə aldığı 751 min manatdan 600 min manatı;
- Masallı rayon Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 300 min manatdan 240 min manatı;
- Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 200 min manatdan 160 min manatı;
- Bərdə şəhərində Allah-Allah türbəsinin təmir-bərpa və konservasiya işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 450 min manatın 360 min manatı;
- Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 80 min manatdan 60 min manatı;
- 2014-cü ildə isə daha bir layihə üzrə bağlanmış müqaviləyə əsasən icraçı şirkətdən aldığı 240 min manatdan 192 min manatı;
- Bakı şəhəri, Müslüm Maqomayev adında 26 saylı musiqi məktəbinin əsaslı təmir layihəsi üçün aldığı 7 min manat, Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin təmir layihəsi üçün aldığı 10 min 400 manat, Səbail rayonu, Bibiheybət qəsəbəsi Mədəniyyət evinin təmir layihəsi üçün aldığı 7 min 700 manat, Bakı Turizm peşə məktəbi binasının əsaslı təmiri layihəsi üçün aldığı 6 min manat, Sabirabad rayonu Mədəniyyət evinin əsaslı təmir layihəsi üçün aldığı 28 min 550 manat, Bərdə şəhəri Mədəniyyət Mərkəzi binasının tikinti layihəsi üçün 21 min 500 manat, Dram Teatrı binasının əsaslı təmiri layihəsi üçün aldığı 20 min 250 manat, Tovuz rayonu Mədəniyyət evinin əsaslı təmir layihəsi üçün aldığı 17 min 800 manat, Nərimanov rayonu 21 saylı musiqi məktəbinin əsaslı təmir və texniki təchizat layihəsi üçün aldığı 24 min 300 manat, Xəzər rayonu, Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizat layihəsi üçün aldığı 21 min 250 manat, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizat layihəsi üçün aldığı 21 min 300 manat, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizat layihəsi üçün aldığı 19 min 300 manat, Dərbənd şəhərində Azərbaycan Mədəniyyət Evinin yeni binasının tikinti layihəsi üçün aldığı 50 min 600 manat (bu epizodlar üzrə bütün pullar eyni podratçı şirkətdən alınıb), ümumilikdə aldığı 255 min 950 manatdan 200 min manatı.
Xatırladaq ki, məhkəmə istintaqı dövründə Zakir Sultanov Əbülfəs Qarayevin məhkəməyə çağırılıb dindirilməsini tələb etsə də, vəsatət təmin olunmamışdı.
Z.Sultanov törətdiyi əməllər üzrə dövlətə vurduğu 5,3 milyon manat zərərin hamısını ödəyib.