Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Eləcə də bax: İş adamı: "General dedi ki, 1 milyonu verməsəz, sizi həbsdə çürüdəcəyəm”
FED.az xəbər verir ki, ötən gün keçirilən prosesdə zərərçəkmiş qismində iş adamı Nizami Kazımov sərbəst ifadə verib.
O deyib ki, tikinti materialları, ərzaq məhsulları, quru meyvə yağlarının biznesi ilə məşğul olub. 2008-ci ildə, Qurban bayramı günü həbs edilib: “Tanımadığım şəxs zəng edib dedi ki, saat 3-də Milli Təhlükəsizlik Nazirliyinə (MTN) gəl. Deyilən vaxt ora getdim. Məni nazirliyin İstintaq Baş İdarəsində Vüsal Ələkbərovun xidməti otağına apardılar. O, aqressiv və kobud danışırdı. Burada quzu balası kimi oturmağına baxmayın. Mənə dedi ki, “3 milyon verməlisən, yoxsa həbsə gedəcəksən”. Kürəkənim Samirin “Texnikabank”da əmanət qoyduğu 1 milyon 120 min dollar barədə soruşdu. Dedim ki, pulu kürəkənimin adına mən qoymuşam. Məni “Texnikabank” əməkdaşları ilə cinayət əlaqəsinə girməkdə ittiham etdi. Elə oradaca şübhəli şəxs kimi tutuldum. Dələduzluqda ittiham etdilər. Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov bəlkə də 20 dəfə məni öz xidməti otağına gətizdirdi. Hər dəfə Vüsala deyirdim ki, o qədər vəsaitə imkan yoxdur. Əslində pulu Eldar Mahmudov istəyirdi, Mövlam Şıxəliyev isə tələb edirdi”.
Nizami Kazımov deyib ki, həbs ediləndən 15-20 gün sonra onu Mövlam Şixəliyevin otağına aparıblar: “Bax burada necə bir küncə qısılıb, orada şir-pələng idi. Dedi ki, “Vüsalın dediyi məbləği verməlisən”. Mən “yoxdur” dedim. Daha sonra Vüsal məbləği 2 milyona saldı. Təzyiq göstərib vəkilim Osman Kazımovdan imtina etməyimə nail oldular. Mövlam Şıxəliyev dedi ki, “başına torba geyindirib, maskalıların yanına aparılacaqsan, 12 il həbsdə yatızdıracağıq”. Ardınca “razılaşmasan, səninlə söhbəti onlar, yəni maskalılar edəcək” dedi. Həmin günlərdə qardaşım Arzu Kazımov MTN-ə gedib. Mövlam Şıxəliyev qardaşıma deyib ki, “Nizaminin taleyi Eldar Mahmudovluqdur”. Qardaşım Eldar Mahmudovun da qəbuluna gedib. O da qardaşıma deyib ki, həbsdən çıxarılması üçün tələb olunanı verməlisiz”.
N.Kazımovun sözlərinə görə, MTN-də şəkərli diabet xəstəliyinə tutulub. Təhdidlərə dözə bilmədiyi üçün 2 milyon dolları verməyə razılaşıb: “Vüsal Ələkbərov dedi ki, “1 milyon dollar gətir, barəndəki həbs qərarını ev dustaqlığı ilə əvəz edək”. Qalan 1 milyonu da ödəmək üçün 4-5 ay vaxt verdilər. Qudama məktub yazdım, qohum-əqrəbadan 1 milyon dollar yığıb mənə çatdırmağı xahiş etdim. Bundan sonra kürəkənim mənə məxsus olan “Mercedes Benz S-klass 500”, “BMW 745” və “Lexus 470” markalı avtomobilləri satdı. Həmin maşınların alışına 600 min dollar xərcləmişdim. Maşınlar yarı qiymətdən aşağı satıldı. Qalan pulu qardaşım və qudam düzəldib verdi. Ümumilikdə 1 milyon dollar toplamışdılar. Dekabrın 3-də kürəkənim və qudam pulu MTN binasının yanında Vüsal Ələkbərova veriblər. Həmin gün axşam İstintaq Təcridxanasından buraxıldım. Burada sakit oturmağına baxmayın, MTN-də Vüsalın oturuşu, yerişi göyə-yerə sığmırdı. Dedi ki, 1 milyon dolları da 4-5 aya tap gətir. Mən dedim ki, “imkan verin, “Texnikabank”dakı 1 milyon 120 min dollar götürək, sizə verək, əl çəkin”. Mövlam Şixəliyev dedi ki, “banka qoyulan pulun adını çəkmə, həmin pulların sizə aidiyyəti yoxdur, onların yiyəsi var”. Vüsal Ələkbərov həmin puldan imtina etməyim barədə məndən ərizə aldı. Daha sonra əlavə 1 milyonu da hissə-hissə Vüsala verdim. Mövlam bu gün qəfəsin bir küncünə sıxılıb oturub, vəzifəsindən, gücündən istifadə edib başımıza oyun açdı. Mövlam, elə bu qəfəs sənin yerindir. Sənin kimilər özlərini də, vəzifəni də gözdən salırlar”.
Zərərçəkmiş daha sonra Vüsal Ələkbərovun bu gün himayə olunduğu üçün azadlıqda qaldığını iddia edib: “Prezident 2015-ci ildə bunların quldur yuvası olan MTN-i dağıdandan sonra Vüsal Ələkbərov həbs olundu. Sonradan cəzası şərti hesab edilib azadlığa buraxıldı. Məlum oldu ki, Vüsal Ələkbərovun azadlığa çıxması Ali Məhkəmənin sədri Ramiz Rzayevin şifahi göstərişi əsasında baş tutub. Pulumuzu bu günə kimi ödəməyiblər”.
Zərərçəkənin bu sözlərindən sonra hakim Elbəy Allahverdiyev onun çıxışını kəsib: “Siz niyə bilib-bilmədiyinizi danışırsız. Keçin, əyləşin”.
- Mən sözümü bitirmədim.
- Keçin, əyləşin.
Proses iyunun 6-da davam etdiriləcək.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var. (Qafqazinfo)