Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Lətif Qasımov və Zaur İsayevin barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Eləcə də bax: Ali Məhkəmə bəraət alan iş adamı ilə bağlı - QƏRAR ÇIXARDI
FED.az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, L.Qasımov həbsdə olan “Real MTK”nın rəhbəri İlham Qasımovun oğludur. İttiham aktına görə, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. İstintaq dövründə onların barələrində həbs qətimkan tədbiri seçilməmişdi. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş apellyasiya şikayəti veriblər.
Daha əvvəl “Real MTK”nın rəhbəri İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.
Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.
“Report”