Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Həbsdə olan general: "İşlər qayda ilə davam edirdi" - MN-dəki 9 milyonluq mənimsəmə işi
FED.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən N saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Ülvi Ziyadzadə bildirib ki, hərbi hissədə yoxlama zamanı 100 min 814 manat mənimsəmə olub:
“Həmin pulları keçmişdə hərbi hissədə çalışmış adamların adına vurmuşam. 5-6 nəfəri idi. Həmin şəxslərin bu məsələdə xəbərləri olmayıb. Çalışdığım vaxtda 3 dəfə təftiş olub. Yoxlamaya Azər Məmmədov, Rüfət Quliyev və Nurlan adlı şəxs gəlmişdi. Təftiş zamanı aşkarlanan çatışmazlığın 60-70 faizini onlara verirdik. Mənə cəmi 18 min manat pul qalıb. Onu da yaxın vaxtlarda ödəcəyəm”.
Prosesdə daha sonra Müdafiə Nazirliyinin Hindarx Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləmiş Əliyar Səfərəliyev dindirilib.
Şahid deyib ki, 2013-cü ildən həmin vəzifəyə təyin edilib, 2022-ci ildən isə müəssisədəki fəaliyyətini dayandırıb:
“İşlədiyim vaxtlarda əkdiyim məhsullar yanırdı. Müqaviləni gecikdirirdilər. Əlacsız qalırdım. Ona görə Maştağada Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləyən Zahid danışdım. O da Maliyyə şöbəsində işləyən Akif adlı şəxslə məsələni həll etdi. Mən heç kimi tanımırdım, işimi görürdüm, ayda bir dəfə gəlib onlara çatacaq faizi verirdim. Müdafiə Nazirliyinə satdığımız məhsuldan aldığımız pulun 3 faizini idarəyə, Akif Umudova qaytarırdıq. Məhsulu verəndən 15-20 gün sonra pulunu ala bilmirdik. Bəzən pulu gecikdirirdilər, biz də vaxtında verilməsi üçün pulun 3 faizini Akif Umudova verirdik.
Müdafiə Nazirliyinin 3 hektar torpağı istifadə üçün mənim müəssisəmə verilmişdi. Həmin torpağı həm əkib-becərirdim, həm də heyvandarlığa istifadə edirdim”.
Şahidin istintaqda verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət ortaya çıxdığın onun ifadəsi elan edilib.
Şahid istintaqda ifadəsində pulları Akif Umudov Nizami Məmmədova verilməsi üçün verdiyini deyib:
“1 milyon 148 min manatlıq müqavilənin 2-3 faizini, 750 minlik müqavilənin 2-3 faizini Akif Umudova vermişəm. Ümumilikdə Akif Umudova 108 min manatdan artıq pul vermişəm. O da bildiyim qədər Nizami Məmmədova çatırdı”.
Şahid istintaqda Nizami Məmmədovun adını çəkmədiyini, ümumiyyətlə onu tanımadığını deyib.
Təqsirləndirilən general Nizami Məmmədov bu epizoda münasibət bildirib: “Satınalma epizodu ilə bağlı belə şahidlərlə üzləşdirməm olmayıb. Sadəcə Akif Umudov, Mahir Şirvanov və Məlikməmməd Qurbanovla üzləşmişəm. Nazirliyin tabeçiliyində Neftçala, Hindarx və Maştağa yardımçı təsərrüfatlar olub. Bu təsərrüfatlar Maddi-Texniki Təminat Baş İdarəsinin tərkibində olub onlarla müqavilə bağlayırdılar. Mən satınalma epizodları ilə bağlı ittihamları ümumiyyətlə qəbul etmirəm. Qorxmaz Qarayevlə, Nizam Osmanovla bağlanıb satınalma ilə bağlanıb müqavilələr, Maliyyə Büdcə İdarəsinə heç bir aidiyyatı olmayıb. Əsgərin ərzağını bir dəqiqə belə gecikdirmək olmazdı. İlin əvvəlindən 20 milyon manat hesaba avans pul qoyurdum ki, ərzaq pulu vaxtında ödənilsin”.
Müdafiə Nazirliyinin hərbi hissələrində mətbəx ləvazimatlarının təmiri ilə məşğul olan şirkət əməkdaşı Rəşad Əhmədov deyib ki, nazirliklə il ərzində 300-500 min arası müqavilələr bağlanıb:
“Bizim şirkət sənaye tipli mətbəx avadanlıqlarının təmiri ilə məşğul idi. Nazirliyinin bütün hərbi hissələrində təmir işləri aparırdıq. Pulların verilməsində gecikmə olmasın deyənə nazirliyinin maliyyə idarəsində işləyən Akif Umudovla danışdıq. Yekunda görülən işlərlə bağlı məbləğin 10-15 faizi bizə qalırdı, ondan da Akif Umudova 3 faiz verirdim. Ümumilikdə ona 36 min pul vermişəm. Akif deyirdi pulu aparıb yuxarıya verməliyik”.
Şahid istintaqda pulları Nizami Məmmədova çatması üçün Akif Umudova verdiyini deyib.
Onun istintaqa ifadəsi elan edilib. Şahid Nizami isə məhkəmədə Nizami Məmmədovu tanımadığını, Akif Umudovun ona belə bir şey demədiyini bildirib.
Prosesdə “Bakıxanov Trikotaj” ASC-nin direktoru işləyən İxtiyar Rəsulov ifadə verib. O bildirib ki, Müdafiə Nazirliyi ilə uzun illər müqavilə əsasında işləyiblər: “Biz istehsal etdiyimiz şarf və gödəkçələri nazirliyə verirdik. Pul məsələləri mənlik deyildi, mühasibim həll edirdi. İndi həmin qadın rəhmətə gedib. 2019-cu ildə bir dəfə ödənişlər xeyli gecikdi. Nazirlikdən Akif Umudov adlı şəxslə telefonla danışırdım. Sonra gecikmə aradan qalxdı. Müqaviləni tender əsasında udurduq”.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan onun istintaqa verdiyi ifadə elan edilib.
İbtidai istintaqda İxtiyar Rəsulovun 26 min manat pulu Akif Umudov vasitəsilə Nizami Məmmədova göndərdiyini deyib.
Şahid isə Nizami Məmmədovu tanımadığını, heç Akif Umudovla bu barədə heç nə danışmadığını deyib.
Şahid qeyd edib ki, məhkəmədə verdiyi ifadə əsas götürülsün.
Prosesdə məlum olub ki, “Bakıxanov Trikotaj” ASC ilə Müdafiə Nazirliyi arasında 2015-2022-ci illərdə ümumilikdə 6 milyon 822 min manatlıq müqavilə imzalanıb.
Məhkəmə aprelin 26-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, rolkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, rolkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, rolkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan rulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. (Apa)