Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Pulu verirdim, o da məsələləri inspeksiyanın rəisi ilə həll edirdi" - 143 milyon manatlıq mənimsəmə
FED.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov deyib ki, işlərin görülməsi ilə bağlı bir qayda olub:
“İşlər həmin qayda ilə davam edirdi. Bütün məsələləri təftiş şöbəsinin və maliyyə şöbəsinin rəisləri aralarında həll edirdilər. Rəşad Məlikzadə ilə heç bir əlaqəm olmayıb, ona hər hansı bir göstəriş verməyib. Təftiş hər bir hərbi hissədə ildə bir dəfə aparılıb. Aparılan yoxlamalar zamanı ortaya çıxan neqativ halları yoxlamaya gedənlərlə maliyyə rəisləri həll edib. Hərbi hissələrin maliyyə smetası maliyyə rəisləri tərəfindən hazırlanıb. Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş hesablar üzrə vəsaitlər ayrılıb. Həmin sənədlərdə əlavə vəsaitlər yazılıb, bunun da şəxsi heyətə heç bir adiyyatı olmayıb. Hər şeydən xəbərim olub. Bütün vəsaitlər təyinatı üzrə verilib”.
General qeyd edib ki, nazirlikdə bu sistem çoxdan qurulub və bu cür işləyib:
“Hər zaman əlavə pullar yazılıb. Bu qayda 1993-cü ildən, Milli Ordu qurulandan belə qoyulub. 1998-ci ildə bu sahədə xidmət etməyə başlamışam, əzəldən belə olub. Bu pullar bəzi hallarda lazımı yerlərə təyinatı üzrə xərclənib. Bəzi hərbi hissələrin təminatında ayrılan pullar çatmırdı. Belə olan halda yığılan pullar orada xərclənirdi”.
Təqsirləndirilən Rəşad Məlikzadə deyib ki, təftişə verilən 30, maliyyələşməyə verilən 20 faiz vəsaitdən əlavə ondan xüsusi tapşırıqlar adı altında ondan vəsaitlər alıb: “Təftiş şöbəsinin rəisi Rafael Xələfov xüsusi tapşırıqlarla bağlı vəsaitin verilməsi üçün göstəriş verib. Bizdə icra etmişik. O, əmr edirdi, kimin nə ixtiyarı var idi ki, icra etməsin. Rafael Xələfov zəng edirdi ki, xüsusi tapşırıq var. Vəsaiti ona çatdırılması üçün başqa-başqa zabitlərə verirdim. Rafael Xələfovun tapşırıqlarını qeyri-şərtsiz icra edirdik. Kim ona söz deyə bilərdi. Pul çatandan sonra Rafael Xələfov yox olurdu. Rafael Xələfov 11 ayın sultanı idi. Onu təftiş keçirilən 12-ci ay tapa bilmirdik. Biz bütün tapşırıqları Rafael Xələfovdan alırdıq. Nizami Məmmədov mənə heç bir tapşırıq verməyib, onunla əlaqəm olmayıb”.
General Nizami Məmmədov vəkilin suallarına cavab verən zaman qeyd edib ki, artıq vəsaitlərin dövlət büdcəsindən alınması hər zaman olub:
“Namiq Poladovun da dövründə əlavə pulların yazılması olub. Təftiş və maliyələşmə şöbələri hərbi hissələrdə yoxlamalar aparaq əlavə vəsaitlərin faizlərini geri alırdılar. Mən idarə rəisi gələndən sonra maliyyələşmə şöbəsində təftişə vəsait 30 faiz oldu. Əvvəllər maliyyələşmədə vəsait az idi, təftişdə isə çox idi. Rafael Xələfov da gedib maliyyə rəislərini yükləyib, onlardan daha çox pul alıb. Bu da istintaq zamanı ortaya çıxdı. Mənim də, Rafael Xələfovun da ilkin ifadələrimiz uyğun gəlirdi. Necə ki, istintaqın gedişində maliyyə rəisləri ifadə verməyə başladı. Bu zaman da ifadələrdə ziddiyyətlər yarandı. Rafael Xələfovun aldığı vəsaitlə, çatdırdığı vəsaitlər uyğun gəlmədi. Rəşad Məlikzadə də elə aldadılan şəxslərdən biri olub. Heç kimə qarşı ayrı seçkilik olunmayıb. Hətta mənim qohumum da maliyyə də işləyib. Onunla bağlı da heç bir ayrı seçkilik etməmişəm. Xüsusi tapşırıqlarla bağlı məsələdə bir ayda var idi. Onların maliyyə rəislərinə aid olmayıb. Bununla bağlı mənimsəmələri mən öz üzərimə götürmüşəm. Xüsusi tapşırıqlarla bağlı mənimsənilən vəsaiti də özüm dövlətin büdcəsinə ödəmişəm. Amma istintaq zamanı müəyyən edilib ki, Rafael Xələfov bəzi maliyyə rəislərində xüsusi tapşırıq adı altında vəsaitlər alıb. Amma həmin vəsaitləri mənə çatdırmayıb. Burada isə problem bu qaydada olaraq qalıb”.
Rəşad Məlikzadənin vəkili deyib ki, müvəkkilinə xüsusi tapşırıqlar adı altında vəsaitin ödənilməsi ilə bağlı 2 milyon manata yaxın mənimsəmə ittihamı verilib. Onun sözlərinə görə, ittihamda qeyd olunur ki, bu vəsaiti Rəşad Məlikzadə dəstənin digər üzvləri ilə əlbir olaraq mənimsəyib.
Nizami Məmmədov deyib ki, 2 milyon manatın xüsusi tapşırıqlar adı altında mənimsənilməsinin ona adiyyatı yoxdur:
“Rafael Xələfov 2018-ci ildə xüsusi tapşırıqla Rəşad Məlikzadədən 500 min manat gətirib. General deyib ki, onun alınan vəsaitlərlə bağlı qeydlər apardığı kitabı olub və kimdən nə alınıbsa, onların da qeydiyyatı aparılıb”.
Daha sonra məhkəmədə Rafael Xələfov şahid qismində dindirilib. Məhkəmə prosesin həmin hissəsinin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmə prosesi aprelin 3-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.
İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. (Apa)