Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə müəyyən edilən yeni cərimələrlə bağlı layihə ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Eləcə də bax: Qaz xəttinə qanunsuz qoşulanlara və sayğaca müdaxilə edənlərə - Cinayət İşi Açılacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar fevralın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclasında qəbul edilib.
İclası açan komitə sədri Sadiq Qurbanov bildirib ki, bugünkü iclasın müzakirəsinə ikinci oxunuşda olan “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələri çıxarılıb.
Komitə sədri əvvəlcə “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. S.Qurbanov dəyişikliklərin aktuallığına, insanların həyat təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətinə diqqət çəkib.
İclasın gündəliyinə çıxarılan İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) isə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Sənəddə İnzibati Xətalar Məcəlləsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Həmçinin qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.
Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrin sonunda qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.