Azərbaycanda qaz xəttinə qanunsuz qoşulanlara cinayət işi açılacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bununla bağlı "Qaz təchizatı haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.
Bununla bağlı Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə də müvafiq dəyişikliklər olunacaq.
İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla qazdan istifadə qaydaları ilə tənzimlənəcək.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.