Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birgə ittiham olununan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Azərşəkər"in keçmiş CEO-suna - CİNAYƏT İŞİ AÇILDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası fevralın 5-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər ibtidai istintaq müddətində vurulan ziyanı tam ödəyiblər.
Zərərçəkmiş qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınır.
Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. O, həmçinin “Dastan Agro” MMC-nin təmsilçisidir. (Apa)










