İlkin araşdırmalar zamanı məlum oldu ki, 10-dan çox aparıcı media resursuna qarşı əlaqələndirilmiş formada və siyasi motivi olan kiberhücumlar həyata keçirilib.
Azərbaycanda bəzi saytlara haker hücumu oldu
FED.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunmuş ictimai müzakirələr zamanı komissiyanın sədri Ramid Namazov bildirib.
Ramid Namazov qeyd edib ki, mütəxəssislərin rəyinə görə bu hadisə indiyədək ölkəmizdə baş vermiş, habelə müəyyən edilmiş ən ciddi kibermüdaxilə əməliyyatlarından biri olub: “Burada, həmçinin əsasən xüsusi xidmət orqanları tərəfindən geniş istifadə olun “yalançı bayraq” və ya “saxta bayraq” kimi adlandırılan əməliyyatın həyata keçirildiyi məlum olub. Kiberhücumun təhqiqatı kibertəhlükəsizlik sahəsində peşəkar biliklərə və təcrübəyə malik, bir-biri ilə bağlı olmayan və müstəqil fəaliyyət göstərən iki komanda tərəfindən aparılmışdır. Əldə edilən nəticələr isə bir-biri ilə üst-üstə düşüb. Hücumun kim tərəfindən və hansı motivlər əsasında təşkil edildiyini müəyyən etmək üçün sistem qeydlərinin təhlili aparılmış, zərərverici proqram təminatının izləri araşdırılmış, eləcə də hücum edənlərin davranış analizi həyata keçirilib. Araşdırma hücumun yalnız texniki deyil, eyni zamanda, psixoloji təsir yaratmağa yönəlmiş, yüksək səviyyədə təşkilatlanmış kibercasus qrupu tərəfindən həyata keçirildiyini ortaya çıxarıb. Həmin qrup beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dövlətə bağlı aktor kimi təsnif edilir. Hücumların motivinə gəlincə isə, böyük ehtimalla bunun səbəbi bir qədər öncə baş vermiş iki hadisə ilə bağlı iz buraxmadan qisas almaq məqsədi daşıyıb. Düşünürük ki, hücum üçün təhrikedici bəhanə bir sıra media resurslarının adlarını çıxışımın sonunda qeyd edəcəyim hər iki məsələ ilə bağlı süjetlər və araşdırma materialları hazırlamaları idi. Məqsəd isə media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsal təhlükəsizliyi sarsıtmaq idi”.
Komissiya sədrinin sözlərinə görə, ilkin təhlillər göstərir ki, “Global Media Group”-nun daxili infrastrukturu zərərverici proqram təminatları ilə yoluxdurulubş, mərkəzi idarəetmə sistemi tam olaraq ələ keçirilib: “Hücum nəticəsində, sistem inzibatçısına məxsus kompüter ələ keçirilmiş, bütün internet resurslarının ehtiyat nüsxələrinin saxlanıldığı serverə giriş edilib. Bundan sonra isə hücumu həyata keçirənlər digər media resurslarına müdaxilə ediblər. Nəticədə, veb-server məlumatları və ehtiyat nüsxələr silinibş, media resursları məhv edilmiş, infrastruktura giriş məhdudlaşdırılıb. Təbii ki, hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılıb. Maraqlıdır ki, sonrakı müddət ərzində də, yəni aidiyyəti dəstək veriləndən sonra da bərpa edilən internet informasiya ehtiyatlarına kiberhücum cəhdlərinin davam etdiyi müşahidə edilmiş, lakin qarşısı alınıb. Hücum zamanı istifadə edilən IP (internet protokol) ünvanları və domenlər, o cümlədən qrupun bütün əlaqələri müəyyən edilib. Qeyd edilməlidir ki, hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi, kiberhücumda iştirak edən bəzi şəxslərin ölkəmizin ərazisində olduqları, hətta hansı hoteldə olduqları müəyyən edilmişdir. Söhbət əcnəbilərdən gedir. Bu isə məsələnin sıravi bir kiberhücum halı olmadığının göstəricisidir”. (Apa)