“Məhkəmə islahatlarının mərkəzində yer alan Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə Fərmanın icrası istiqamətində təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, nəticədə cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin sosial təminatının gücləndirilməsi və digər məsələlərlə bağlı bir çox normativ aktlar qəbul edilib. Qarşıda hələ də görüləcək işlər var və bundan sonra da islahatlar davam etdiriləcək”.
FED.az xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin sədri İnam Kərimov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan böyük həcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il Fərmanın qəbulu ilə davam etdirilib. Bu sənəd ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib”. (Report)