2013-cü ildə Ziya Bünyadov (Dərnəgül) prospekti çəkilərkən Xutor qəsəbəsi ərazisində körpü tikilən zaman sökülən evlərdən birinin kompensasiyası hələ də ödənilməyib.
Eləcə də bax: Söküntüyə etiraz edən sakinlərlə bağlı İcra Hakimiyyətindən - Açıqlama
FED.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaş Marietta Əsədova məhkəmənin qanuni qərarının 1 ildən çoxdur ki, icra olunmadığını iddia edib. Onun sözlərinə görə, Bakı şəhəri, Yavər Həsənov küçəsi, ev 22/30 ünvanında yerləşən fərdi yaşayış evi həyat yoldaşı Əsədov Xudabaxış Rəhim oğlunun mülkiyyətində olub və altı nəfərlik ailə 2002-ci ildən həmin evdə yaşayıb: “2013-cü ildə Ziya Bünyadov prospektində, 3-cü mkr. dairəsinə yaxın ərazidə tunelin tikintisi ilə bağlı evimiz dövlət ehtiyacı üçün söküldü.
Söküntüdən öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri (AAYDA) evimizin hər kv.m.-nə görə 1500 manat, evimizin yerləşdiyi torpaq sahəsinin hər kv.m.-nə görə isə 1000 (min) manat, ümumilikdə 195 200 manat ödəniləcəyini bildirdilər.
Lakin evimizin sökülməsindən sonra evin hər kv.m-nə görə 950 manat, torpaq sahəsinin isə yalnız 1 kv.m-nə görə 500 manat, ümumilikdə 97 412 manat kompensasiya ödənildi. Nəticədə biz AAYDA-nın ödədiyi minimal kompensasiyaya yalnız Biləcəri qəsəbəsində ev ala bildik. Həyat yoldaşım Xudabaxış Əsədov verilən məbləğlə razılaşmayaraq 2013-cü ilin sentyabr ayında məhkəməyə müraciət etmək məcburiyyətində qaldı, lakin 2017-ci ilin noyabrın 26-da vəfat etdi. Mən isə onun hüquqi varisi kimi tanınaraq həyat yoldaşımın illərlə apardığı mübarizəni davam etdirmək məcburiyyətində qaldım.
Nəhayət, altı ildən sonra Ali Məhkəmənin 18 dekabr 2019-cu il tarixli qərarı və 18 mart 2020-ci il tarixli qərardadı ilə AAYDA-dan 82 974 manat kompensasiyanın mənim xeyrimə tutulması qərara alındı. Lakin AAYDA məhkəmə qərarlarını bir ildən artıqdır ki, icra etmir”.
AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, sözügedən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunub: “Səlahiyyətlərimiz daxilində icra tədbirləri davam etdirilir”.