Bakıda yaşayış binasının söküntüsü sakinlərin etirazına səbəb olub. Bir neçə sakin yığışaraq prosesin qarşısını almağa çalışıb.
Eləcə də bax: “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar”
FED.az xəbər verir ki, məsələ ilə bağlı binanın yerləşdiyi Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Pənah İmanov bildirib ki, 2016-cı ildə sakinlər müraciət edərək binanın qəzalı vəziyyətdə olduğunu bildiriblər: “Eyni zamanda biz də müvafiq qurumlara müraciət etdik. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri baxış keçirdi və binanın kəskin qəzalı vəziyyətdə olması barədə rəy verildi. Siyahıalınma işləri aparıldı, binada 146 mənzil qeydiyyata alındı. Bundan sonra Nazirlər Kabineti binanın sökülməsi haqda qərar verdi və bunun üçün maliyyə ayrıldı. Hər bir mənzil üçün 30 min manat vətəndaşa, 500 manat da söküntü xərcləri üçün hesablandı. Lakin sakinlər 30 min manata mənzil ala bilməyəcəklərini deyib etiraz etdilər”.
P.İmanovun sözlərinə görə, növbəti dəfə sakinlərin narazılığı nəzərə alınaraq qərar dəyişdirilib və podratçı şirkətin həmin binanın yerində mənzil tikərək sakinlərə təhvil verməsinə qərar verilib: “Şərtlər belə müəyyənləşdirildi ki, ölçüsü 30 kvadratmetrdən az olan mənzillərə görə yeni tikiləcək binadan 54,5 kvadratmetr yeni və təmirli mənzil veriləcək. Ölçüsü 30 kvadratmetrdən çox olanlara isə hər kvadratmetrə görə əlavə 1000 manat veriləcək və sakinlər bu ödənişlə istəsələr yeni tikiləcək binadan daha böyük ölçüdə mənzil ala biləcəkdilər. Bina tikilib təhvil verilənə kimi sakinlərə kirayə haqqı da verilir. Burada üstünlük ondadır ki, sakinlər yaşayış ərazilərini tərk etmək məcburiyyətində qalmayacaqlar.
Bu prosesdən sonra 120 ailə ilə müqavilə imzalandı, təxminən 25 ailə isə narazı qaldılar.
Belə ki, bəzi sakinlər siyahıyaalınmadan və maliyyə ayrılmasından sonra süni yollarla iki otaqlı mənzilləri bölərək hər otağa ayrı mənzil kimi çıxarış aldılar. İndi də 24 kvadratmetrlik bir mənzil üçün iki ədəd 54,5 kvadratmetrlik təmirli mənzil tələb edirlər. Onların əlində sənədləri olsa da, bu siyahıyaalınmadan sonra əldə edildiyi üçün çətinlik yaradır. Amma eyni zamanda, mənzilinə köçməsini gözləyən 120 ailə də var. Ona görə də qalan 25 ailə məhkəmə qaydasında öz məsələlərini həll edə bilərlər.
Həmçinin, o bina kəskin qəzalı vəziyyətdədir, istənilən halda sökülməlidir. Həmin binada mənzillərin əksəriyyəri 12, yaxud 24 kvadratmetrdir, lakin hər birinə 54,5 kvadratmetrlik mənzil veriləcək”.
P.İmanov qeyd edib ki, Nazirlər Kabinetinin qərarının icrası baxımından söküntü davam etdiriləcək. (Qafqazinfo)