Nyu-Yorkda davam edən "ABŞ, Hakan Atillaya qarşı" məhkəməsində şahid kimi ifadə verən İran əsilli Türkiyə vətəndaşı Rza Zərrab Türkiyədən daha bir zərdbə alıb. İstanbul Cümhuriyyət Prokurorluğunda, Zərraba qarşı "casusluq" ittihamı ilə istintaq başlayıb.
FED.az xəbər verir ki, istintaq çərçivəsində Rza Zərrabın və yaxın qohumlarının "bütün sərvətinin, bank və şirkətlərdəki vəsaitlərinin, alacaqlarının və səhmlərinin müsadirə olunmasına" qərar verilib. Qərara əsasən 22 nəfərin əmlakı müsadirə olunacaq.
Bununla yanaşı həmin qərar Zarrabın həyat yoldaşı, Türkiyənin məşhur müğənnisi Ebru Gündeşə aid olmayacaq və onun əmlakları müsadirə edilməyəcək. Səbəbi odur ki, Zerrabla Ebrunun nigah müqaviləsində onların qazancları və əmlakları ayrı göstərilib.
Zərrab 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir. O, ötən il ABŞ-da həbs olunub.