Zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlanıb.
Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayev bildirib ki, zəlzələ zamanı rayon ərazisində 150-yə yaxın evə ziyan dəyib: "Daha çox məcburi köçkünlərin məskunlaşdığı Meşəçilik massivində yaşayış evlərinə ziyan dəyib. Həmin massivin ərazisində bir ev tamamilə dağılıb".
Ağdam RİH-in başçısı Raqub Məmmədov "Report"un yerli bürosuna bildirib ki, rayonda 5.7 bal gücündə zəlzələ qeydə alınıb: "Baş verən zəlzələ nəticəsində rayon ərazisində 127 evə, 1 məktəb binasına ziyan dəyib. Bundan başqa, rayonun Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağlıb".
Tərtər RİH-in başçısı Müstəqim Məmmədov "Report"un yerli bürosuna bildirib ki, zəlzələ rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə daha çox ziyan vurub: "Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə tamamilə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və zəlzələ zamanı tövlədə heyvanları yemləyən kənd sakini dağıntıların altında qalaraq xəsarət alıb".
Qeyd edək ki, baş verən təbii fəlakətlə bağlı hər üç rayonda ziyanların hesablanması üçün araşdırmalara başlanılıb.