Dünən Bakıda "Radioquraşdırma" zavodu ərazisində partlayış olub.
İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə Sənayesi Nazirliyi də “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. Nazirliyin saytında dərc olunan məlumata əsasən, dünən saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.