Bir neçə gün əvvəl “Baksol” adlanan ərazidə yolun çökməsi nəticəsində Bakı sakini, 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiyaya düşərək faciəli şəkildə həlak olub. Onun meyiti hadisədən yalnız 3 gün sonra Hövsanda tapılıb.
FED,az xəbər verir ki, ötən dövr ərzində hadisənin hansı dövlət qurumunun günahı üzündən baş verməsi ilə bağlı cəmiyyətdə müzakirələr gedir.
Hadisə yolda baş verdiyinə görə, diqqət mərkəzində olan qurumlardan biri Azərbaycan Avtomobil Yolları Agentliyidir.
Bu gün qurum həmin hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
«Bir neçə gün öncə “Baksol” adlandırılan ərazidə baş vermiş bədbəxt hadisə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınmışdır.
Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr Agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur.
Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin baş vermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar.
Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir».
Xatrırladaq ki, AAYDA-nın açıqlamasında qeyd edilən "aidiyyatlı qurum" - kanalizasiya xətlərinə nəzarət edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Hələlik qurum məsələ ilə bağlı açıqlama vermeyib, məsələnin araşdırıldığını bildirir.