Paytaxtda yerləşən restoran və dönərxanalardan bəzilərinə qidaya yararsız at və mal əti satan şəxs saxlanılıb
DİN-in Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov
saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Zaur Rüstəmov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satılıb.
Baş İdarənin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Zaur Rüstəmova məxsus fermaya və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Faktla bağlı araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.