Yaponiya Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, son tufanlar ölkənin kənd, meşə və balıqçılıq təsərrüfatlarına ümumilikdə 170 milyard yen (təqribən 1,5 milyard dollar) zərər vurub.
FED.az xəbər verir ki, nazirliyin oktyabrın 28-də yaydığı məlumatda “Hagibis” tufanının 38 prefekturaya 1,1 milyard dollar ziyan vurduğu bildirilir.
Eləcə də bax: Yaponiya hökuməti tam heyətdə istefaya gedib
Ümumilikdə su anbarları və drenajlar kimi obyektlər də daxil olmaqla 8500 kənd təsərrüfatı obyekti zərər çəkib. Bunların təmiri üçün təxminən 440 milyon dollar vəsait lazım olacağı proqnozlaşdırılır.
Düyü, alma və digər kənd təsərrüfatı məhsullarına dəyən ümumi zərərin 97 milyon dollar təşkil etdiyi bildirilir. Meşə təsərrüfatı ilə əlaqəli yollara, ağac emalı zavodlarına və digər obyektlərə dəyən zərər isə ümumilikdə 320 milyon dollara bərabərdir. Balıqçılıq limanlarına və digər obyektlərə təqribən 88 milyon dollar zərər dəyib.
Nazirlikdən bildirildiyinə görə, əsasən çayların daşdığı ərazilərdə zərərin daha da artacağı gözlənilir.
“Hagibis”dən əvvəl baş vermiş “Faxai” tufanının vurduğu ziyanın ümumi məbləğinin 468 milyon dollar təşkil etdiyi qeyd edilir. Ötən həftə baş vermiş aramsız yağışların da böyük ziyan vurduğu bildirilir.
Əlavə olaraq qeyd edək ki, bu rəqəmlər hesablanan zaman ev təsərrüfatlarına və digər sahələrə dəyən zərər nəzərə alınmayıb.
Azərtac