Vətən müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.
FED.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya hərbçimizin atası Ağayar Nəbizadə məlumat verib.
Onun sözlərinə görə, hadisə ötən gün Bakının Novxanı kəndi ərazisində qeydə alınıb. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub.
"Oğlum müharibə vaxtı iki dəfə kontuziya almışdı. Amma bunu qeydiyyata saldırmamışdı. Çünki arxaya qayıtmağı özünə sığışdırmırdı. Müharibədən sonra isə psixoloji problemləri üzə çıxdı. Aydın məsələdir ki, müharibədə gördükləri, yanında dostlarının şəhid olması ona çox pis təsir etmişdi. Psixoloji problemlərinə görə, bir aydan çox Daxili Qoşunların Hospitalında yatdı, bir neçə psixoloq yanında apardıq. Amma həkimlər deyirdi ki, Rüfət, bütün olanları şüur altına yeridib, belə nevroloji problemi yoxdur. Dünən günortadan sonra əlaqə saxlaya bilmədik. Axşam xəbər gəldi ki, bəs, belə bir hadisə baş verib", - deyə Ağayar Nəbizadə bildirib.
Qeyd edək ki, Ucarın Qaracallı kəndindən olan leytenant Nəbizadə Rüfət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Bölməsində xidmət keçib. O, müharibədən öncə təlimlərə qatılmaq üçün YAŞMA-nın tərkibinə qoşulub. Vətən müharibəsində Şuşaya qədər döyüşən zabitimiz, Prezident İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuşdu.
Onu da əlavə edək ki, 1998-ci il təvəllüdlü zabitimiz Türkiyənin Kara Harp Okulunun məzunu, evin isə tək oğlu idi.