Bu gün Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından çıxarılanların sayı 6-ya çatıb.
FED.az xəbər verir ki, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Şahidlər bildirib ki, partlayışın dalğası və səsi bir kilometrədək yayılıb. Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-nin əməkdaşları dağıntılar altından 6 nəfəri çıxarıblar. Onların vəziyyəti normaldır. Dağıntılar altında hazırda nə qədər adam olduğu bilinmir. Axtarışlara xüsusi təlim görmüş itlər də cəlb edilib.
Hələlik hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir. Bir qədər əvvəl evin yerləşdiyi ərazinin altından magistral qaz xəttinin keçdiyi və hadisənin də bu səbəbdən baş verdiyi bildirilirdi, amma «Azəriqaz» bu məlumatı təkzib edib. Partlayışın dəqiq səbəbi araşdırmadan sonra müəyyən ediləcək.