Rüşvət almaqda təqsirləndirilən Vergilər Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başlayır.
FED.az xəbər verir ki, nazirliyin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Qaybalıyev Elçin Musa oğlu və Lətifov Ziyad Arif oğlunun cinayət işi üzrə istintaq tamamlanıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Əhməd Quliyevin sədrliyi ilə aparılacaq.
İlkin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Eləcə də bax: Bakı aeroportunda DTX-nın əməliyyatı - TUTULANLAR VAR
Qeyd edək ki, Baş prokurorluğun açıqladığı ilkin rəsmi məlumata görə, E.Qaybalıyev və Z.Lətifov Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1.000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər.
Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdirib, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmiş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar.
Onlar Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.