Muğlanın Milas rayonundakı yanğın Kemerköy İstilik Elektrik Stansiyasının ərazisinə sıçrayıb.
FED.az xəbər verir ki, elektrik naqillərindən qığılcımlar çıxdığından həyəcanverici siqnal işə düşüb. Bölgədə elektrik enerjisinin verilişi dayandırılıb. Yaxınlıqdakı yaşayış yerlərinin sakinləri təxliyyə olunub.
Şəhərin meri Məhəmməd Tokat tvitter sosial şəbəkəsində bildirib ki, "alov istilik elektrik stansiyasını bürüdü, heyət təxliyə edilir".
Qeyd edək ki, təhlükəsizlik məqsədilə səhər saatlarında İES yaxınlığında xəndəklər qazılıb, nitrogen boşaldılıb.
Qeyd edək ki, 3 qurğudan ibarət 630 MW gücdə olan Kemerköy İES-in gündəlik yanacaq tələbatı 21 600 tondur.
Kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli ölkənin cənubunda 14 meşə yanğınının söndürülməsinin davam etdiyini xəbər verib. O, qeyd edib ki, kurort əyalətləri Antalya və Muğlada yanğınlara qarşı mübarizə davam edir.
Səhiyyə naziri Fahrettin Koca isə meşə yanğınları zamanı ölənlərin sayının 8 nəfərə, zərərçəkənlərin sayının isə 864 nəfərə yüksəldiyini bildirib.