Türkiyənin Manisa, Bolu, İzmir, Aydın, Karabük, Uşak və Muğla vilayətlərində meşə yanğınları ilə mübarizə davam edir.
FED.az xəbər verir ki, təqribən ötənilki dövrdə yenidən baş verən yanğınlarla mübarizəyə ümumilikdə 39 helikopter, 10 təyyarə, 458 texnika və iki min nəfərlik canlı qüvvə cəlb edilib. Alovlarla mübarizəyə dəstək məqsədilə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən bölgəyə ölkənin Hərbi Hava Qüvvələrinə məxsus 13 helikopter göndərib.
Ötən iki gün ərzində Türkiyədə 69 yanğın nəzarət altına alınıb. Bu yanğınlar nəticəsində təxminən 1600 hektar əraziyə zərər dəyib. Yanğın meşə sahələri ilə yanaşı, parklara, bağçalara, zeytun bağlarına, sənaye sahələrinə, evlərə və iş yerlərinə də ciddi ziyan vurub.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı son açıqlamasında Aydın vilayəti istisna olmaqla, digər bölgələrdə yanğının şiddətinin nisbətən azaldığını, lakin küləyin təsiri ilə dəyişikliklərin ola biləcəyini deyib.
Bildirilib ki, Aydındakı yanğın vilayətin cənub və şimal hissələrində təxminən doqquz kilometrlik xətt üzrə davam edir. Buradakı yanğınların söndürülməsinə 7 təyyarə, 15 helikopter, çox sayda texnika və təxminən 370-ə yaxın canlı qüvvə cəlb edilib. İzmirdəki yanğınların söndürülməsində isə 3 təyyarə, 15 helikopter, çox sayda texnika və canlı qüvvə iştirak edir.
Ölkənin Manisa vilayətində də meşə yanğınları ilə mübarizə davam edir. Gecə boyu qurudan aparılan söndürmə işlərinə səhər saatlarından etibarən aviasiya vasitələrləri dəstək verir. Hazırda bölgədə 7 helikopter fəaliyyət göstərir.
Ölkənin Bolu vilayətində də vəziyyət eynidir. Sıx meşəlik ərazidə başlayan yanğının söndürülməsinə Bolu ilə yanaşı, ətraf vilayətlərdən də hava vasitələri cəlb olunub. Bölgədə 12 helikopter, çox sayda yanğınsöndürən avtomobil və 1500-ə yaxın canlı qüvvənin iştirakı ilə alovla mübarizə fasiləsiz davam edir.
Qardaş ölkədə baş verən yanğınlarla əlaqədar olaraq Azərbaycan tərəfi meşə yanğınlarına kömək etməyə hazır olduğunu və “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kömək üçün Türkiyəyə göndəriləcəyini bildirib. Avqustun 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib.
Cavabında İlham Əliyev “BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyib və qeyd edib ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Elə həmin gün – avqustun 17-də dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Türkiyənin müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün FHN-in şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.
Avqustun 18-də gecə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola düşüb və hadisə ərazisinə çatıb. İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.