ABŞ prezidenti Donald Tramp ABŞ-ın nüvə sazişindən çıxdığını açıqlayıb. O, Ağ Evdə təşkil edilən mətbuat konfransında qərarını rəsmən elan edib. Bundan əvvəl Tramp Fransa prezidenti Emmanuel Makronla telefonla danışaraq İranla imzalanmış nüvə sazişindən çıxacağını bildirib.
Məlumat üçün bildirək ki, 2015-ci il iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair saziş imzalanıb. Razılığa əsasən aşağıdakı öhdəliklər götürülmüşdü:
Eləcə də bax: İranda dollar kəskin bahalaşdı – YENİ QADAĞALAR BAŞLADI
- 15 il ərzində İranın az zənginləşdirilmiş uran ehtiyatları 98 faiz azaldılaraq ümumi çəkisi 10 000 kiloqramdan 300 kiloqrama endiriləcək.
- İran uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların sayını 19 000-dən 6 104-ə qədər, yəni 60 faiz azaldacaq, növbəti 10 ildə onlardan yalnız 5 060-nın uranın zənginləşdirilməsində istifadəsinə icazə veriləcək.
- 15 il ərzində İran uranın zənginləşdirilməsini 3,67 faiz həddə, yəni mülki və tədqiqat məqsədləri üçün kifayət edəcək səviyyədə saxlayacaq, Fordodakı nüvə obyektində isə uranın zənginləşdirilməsi tamamilə dayandırılacaq. Həmin müəssisə nüvə, fizika və texnoloji araşdırmalar mərkəzinə çevriləcək.
- 15 il ərzində İran heç bir yeni uran zənginləşdirmə obyekti tikməyəcək.
Bunun qarşılığında isə İrana tətbiq edilən sanksiyalar ləğv edilmişdi.
***
Qeyd edək ki, son günlər ABŞ və İran arasinda gərginliyin artması dünya bazarında neftin qiymətini artırmışdı. ABŞ-ın nüvə sazışındən çıxacağı ilə bağlı Trampın qərarından sonra isə neftin daha da bahalaşacağı gözlənilir.