İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər davam etdirir.
FED.az xəbər verir ki, Baş Prokurorluq ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə açıqlamasında qeyd olunur ki, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Aparılmış araşdırmalarla “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.