Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Elçin Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
FED.az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında E.Babayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə Elçin Babayevin vəkili müdafiə çıxışı edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şikayət yoxdur.
Belə ki, E.Babayevdən şikayətçi olan "Yeni Yasamal" MTK şikayətini geri götürüb. Şirkətə dəymiş zərər ödənilib və barışıq əldə edilib.
Vəkil müdafiə etdiyi şəxsə şərti cəza təyin edilməsini istəyib.
Daha sonra məhkəmədə məlum olub ki, şəkər xəstəliyindən əziyyət çəkən E.Babayevin sağ ayağı amputasiya (kəsilib) olunub.
Qeyd edək ki, E.Babayev “Ulduz-S” MMC-nin rəhbəridir. O, "Yeni Yasamal" MTK-ya lift aparacağını vəd edib. Bu məqsədlə şirkətdən külli miqdarda pul alsa da, sonradan verdiyi vədinə əməl etməyib.
E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.