Bu gün Badamdar qəsəbəsində baş vermiş sürüşmə hadisəsi həmin ərazidə yerləşən bir sıra iaşə obyektlərinin işinə mənfi təsir göstərib.
Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən yolun kənarındakı yamacda sürüşmə səbəbindən ətrafda yerləşən bəzi iaşə obyektləri fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Qeyd edək ki, sürüşmə ilə əlaqədar Badamdar - "20-ci sahə" və "20-ci sahə" - Badamdar yolu bağlanıb, nəqliyyatın hərəkətinə icazə verilmir.
Bundan başqa, Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evində yaşayan vətəndaşlara müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.
Həmçinin "Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, həmin ərazidə elektrik enerjisi və 11 fərdi evə təbii qazın verilişi dayandırılıb.