Hadisə

Su polisi qanunsuz ovlanan 251 ədəd qaşqaldaq - AŞKAR EDİB

Su polisi qanunsuz ovlanan 251 ədəd qaşqaldaq - AŞKAR EDİB | FED.az
15:45 18 Dek 2018

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ov mövsümünün başlanması ilə əlaqədar respublikanın su hövzələrində brakonyerliyə, balıq və çöl quşlarının qanunsuz ovlanması, satılması, həmçinin digər hüquq pozuntularının qarşısının alınması məqsədilə növbəti uğurlu əməliyyat-profilaktiki tədbir həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, idarə əməkdaşları daxil olan məlumat əsasında Saatlı rayonunda keçirdikləri əməliyyat zamanı, əvvəllər Cinayət Məcəlləsinin 194-cü (Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddəsi ilə məhkum olunmuş Sabirabad rayon sakini Nəvai Novruzov saxlanılıb. Onun idarə etdiyi “Qaz-33021” markalı yük avtomobilinə baxış zamanı qanunsuz ovlanan 251 ədəd qaşqaldaq və 4 ədəd çöl ördəyi aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, N.Novruzovun ov etmək üçün müvafiq dövlət qurumları tərəfindən verilən xüsusi lisenziyası yoxdur. Saxlanılan şəxs ifadəsində çöl quşlarını paytaxt və bölgələrdə kənd toyuğu, eləcə də kəklik adı altında satmaq məqsədi ilə ovladığını bildirib.

Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları davam etdirilir.

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su və sahil mühafizə zonalarında balıq, həmçinin çöl quşlarının qanunuz ovu ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan cərimə, inzibati tənbeh tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Digər xəbərlər