SOCAR-ın törəməsi olan STAR neft emalı zavodunda kütləvi zəhərlənmə baş vetib.
“Aliağa Ekspress” nəşrinin yazdığına görə, zavodun xeyli sayda əməkdaşı ötən gün nahar zamanı verilən yeməkdən zəhərləndiyini iddia edir. Qəzetə danışan zavod işçiləri ətin keyfiyyətsiz olduğundan şübhələnir. Ümumilikdə “Gemond”, “Tekfen” və “İlk İnşaat” kimi subpodratçı şirkətlərin təxminən 1500 nəfər işçisinin zəhərləndiyi iddia edilir. “Gecə ərzində təcili tibbi yardım maşınları dayanmadan işləyib. Təxminən 1500 nəfər zəhərlənib. Ətin keyfiyyətsiz olduğu deyilir. Problem zavodun və podratçı olan TSGI şirkətinin rəhbərliyinin nəzərinə çatdırılıb. Lakin bir tədbir görən yoxdur”, - deyə işçilərdən biri bildirib.
O da bildirilir ki, nahar zamanı xeyli insanın halının pisləşdiyini görən işçilərin bir qismi yeməyi boykot edib.
SOCAR rəsmiləri isə insidentin baş verdiyini təsdiqləyiblər. Bununla yanaşı, onlar qeyd edib ki, rəqəmlər xeyli şişirdilib və zəhərlənənlərin sayı 1500 nəfər deyil: “Əlimizdə olan son rəqəmlərə görə, 346 nəfərə tibbi yardım göstərilib”.
Zavod rəhbərliyi artıq baş vermiş hadisəni işçiləri yeməklə təmin edən şirkətlə müzakirə edib” “Naharda işçilərə verilən yeməyin nümunələri laboratoriyaya göndərilib. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.