Səudiyyə Ərəbistanında kral ailəsi, nazirlər və generallara qarşı böyük həbs dalğası davam edir. 2009-dakı Ciddə su basqınları və 2012-dəki MERS virusuna dair istintaq çərçivəsində aparılan korrupsiya əməliyyatında dünən yeni həbslər həyata keçirilib.
FED.az xəbər verir ki, çirkli pul yuma, rüşvət, mənimsəmədə günahlandırılan yüzlərlə kral üzvü və iş adamı həbs edilib.
Son həbs edilənlərin, 2011-ci ildə ölən müdafiə naziri Şahzadə Sultan bin Abdulaziz və ailəsi ilə yaxın əlaqəsi olan şəxslər olduğu bildirilir.
Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın başçılıq etdiyi komissiyanın əmri ilə həbs olunan və ya vəzifədən azad olunanlara məxsus bank hesablarına da əl qoyulur. Reuters Xəbər Agentliyi, əl qoyulan hesabların sayının 1700-ə çatdığını bildirib. Amerikanın Wall Street Journal Qəzetinə görə, əl qoyulan hesablardakı vəsaitlərin ümumi həcmi 800 milyard dollara çatır (1 trilyon 360 milyard manat).
Qətərin Əl-Cəzirə televiziyası həbs olunan şahzadələrdən birinə yaxın mənbəyə istinadən yaydığı xəbərinə görə, Vəliəhd Şahzadə Məhəmməd bin Salman, "2030 Layihəsi" çərçivəsində ölkəyə sərmayə qoymağa çağırdığı Şahzadə əl Vəlid bin Talaldan rədd cavabı almasından sonra həbslərə başlamağa qərar verib.
Səudiyyədə 800 milyard dollarlıq 1700 hesab dondurulub
11:50
9 Noy 2017