Səudiyyə Ərəbistanının mərhum kralı Abdulah bin Əbdüləzizin qızları həbs olunub.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, mərhum kralın Fransaya sığınan oğlu Əbdüləziz bin Abdullahdan başqa oğlanlarının hamısı artıq tutulub.
Hüquq-mühafizə orqanları daha sonra isə onun qızlarını həbs ediblər.
Məlumata görə, Səudiyyə Ərəbistanının qurucusu kral Əbdüləziz bin-Səudun dünyasını dəyişmiş oğlu Suktan bin Əbdüləzizin də qızları tutulub. Abdullah bin Əbdüləziz və Sultan bin Əbdüləzizin tutulan övladları vəliəhd şahzadə Məhəmmənd bin-Salmanın idarəçiliyinə qarşı olduqları bildirilib.
Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Onlar qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunurlar.
Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.
Tutulan şahzadələr krallığın paytaxtı Ər-Riyaddakı “Ritz Carlton” mehmanxanasında saxlanılırlar. Saxlanıldıqları oteldən kənara çıxmamaları üçün otelin bir mərtəbəsi xəstəxanaya çevrilib. Orada müayinə və müalicə üçün bütün avadanlıq yerləşdirilib.