"Sədərək" Ticarət Mərkəzindəki yanğın artıq 3 saata yaxındır ki, davam edir. Hazırda yanğın tam məhdudlaşdırılıb, yanma təhlükəsi yoxdur".
FED.az “REAL TV”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib.
Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezadrantlar, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb: "Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçuraraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ".
E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.
Yanğının səbəblərinə gəlincə, E.Mirzəyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək".
******
Bakının Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus şirniyyat anbarında yanğın baş verib.
FED.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunsa da, yanğının qarşısını almaq mümkün olmayıb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.