Sentyabrın 16-da Şamaxı rayonunda 1983-cü il təvəllüdlü Zaur Balabəyovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Eləcə də bax: Bakıda tikinti şirkətinin əməkdaşı - 11-ci Mərtəbədən Yıxılaraq Öldü
FED.az xəbər verir ki, Şamaxı rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, Zaur Balabəyov idarə etdiyi “İVECO” markalı oxlu kran avtomobili ilə beton plitə boşaldan zaman kranın həmin ərazinin üzərindən keçən elektrik xəttinin naqilinə toxunması nəticəsində sonuncu hadisə yerində ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. (Apa)