Fevralın 19-da gecə Sabirabaddakı pambıq emalı zavodunda yanğın başlayıb.
FED.az xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Sabirabaddakı yanğınla bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün saat 18:00 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal RPŞ-nin və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar.
Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.
Yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.
Sabirabadda pambıq zavodunda başlayan yanğının əhatə dairəsi daha da genişlənib.
Məlumata görə, rayonun Axtaçı Muğan kənd ərazisindəki pambıq emalı zavodunda yanğın hələ də davam edir.
Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib.
Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək ərazinin 50 faizini əhatə edib.
Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə davam etdirilir.