Bu günlərdə Türkiyə ilə ABŞ-ın arası Rza Zərrabın ifadələri üzündən xeyli gərginləşib. Ayrıca Türkiyənin siyasi arenası bu şəxsə görə çalxalanır.
Rza Zərrabın aylardır gözlənilən məhkəməsi başlayıb və ortada yeni durum yaranıb.
Belə ki, Rza Zərrab məhkəmədə şübhəli şəxs kimi yox, şahid kimi çıxış edəcək. O, ABŞ ədliyyəsi ilə anlaşaraq, iş ortaqlarının əleyhinə ifadələr verməyə razılaşıb.
Məhkəmədə müttəhim kürsüsündə isə “Halkbank”ın baş direktor müavini Hakan Atilla əyləşib.
Nyu-Yorkun cənub bölgəsində keçirilən məhkəmədə hakim David Denton Rza Zərrabı məhkəmənin “ulduz şahidi” olaraq xarakterizə edib.
Rza Zərrab Bakı vaxtı ilə saat 21:00-dan etibarən 3 günlük şahid kürsüsünə əyləşib. Onu məhkəməyə ayağına və qollarına qandal vurmaqla gətiriblər.
Əlavə olaraq onu da bildirək ki, ötən məhkəmədə Hakan Atillanın vəkili Rza Zərrabı ABŞ həbsxanalarında da rüşvət verməsi ilə günahlandırıb. O iddia etmişdi ki, Zərrab həbsxana nəzarətçilərinin köməyi ilə oraya gizli yolla üst-baş geyimi, qida məhsulları və qadın gətirib.
Türkiyədə yayımlanan FOX TV-nin verdiyi bilgiyə görə, Rza Zərrab hələ 29 yaşındaykən Türkiyənin 12 milyard dollarlıq qızıl ixracatının 46 faizini həyata keçirən adamdır.
Onun Türkiyə hökumətinin rəhbərlərinə, ümumiyyətlə, işi aşan hər kəsə rüşvət verdiyi bildirilir.
Məhkəmədə ilk çıxışını edən Rza Zərrab ABŞ hökuməti ilə anlaşacağını, bundan sonra bir də cinayət əməli törətməyəcəyini deyib: “2016-cı ildə Federal Təhqiqat Bürosuna (FTB) doğruları deməmişdim. Nə ilə qarşı-qarşıya olduğumu bilmirdim. Uzun bir səfərdən sonra həbs olundum və şoka girmişdim. Doğru cavablar verməmişdim. Çox qorxmuşdum. ABŞ hökuməti mənə heç bir əfv söz verməyib. Cəzama hakim qərar verəcək. Oteldə qalmıram. Bu iddialar əsassızdır. Hərəkət azadlığım yoxdur. FTB-nın nəzarətindəyəm. Həbsxanada nəzarətçiyə içki və telefonla danışmaq üçün rüşvət verdiyim isə doğrudur”.
***
ABŞ-ın Nyu-York şəhərində davam edən “Halkbank”ın direktor müavini Mehmet Hakan Atillanın məhkəməsində şahid olaraq ifadə verən Rza Zərrab bildirib ki, həbsdən çıxmağın ən qısa yolu məsuliyyəti qəbul edib, ABŞ-la razılaşmaq idi. Zərrab məhkəmədə deyib ki, həyat yoldaşım Ebru Gündeş məşhur müğənnidir və bunun üçün hər zaman ictimaiyyətin gözünün önündə idim.
Məhkəmənin gedişatında Zərrab yerindən qalxıb və İranla qızıl ticarətinin necə həyata keçirildiyinin sxemini çəkib.
Məhkəməni izləyən ABŞ-lı jurnalist Adam Klasfeld tvitter sosial şəbəkəsində ilginc bir detalı qeyd edib: “Zərrab sxemi çəkərkən avtoritar görünürdü. Əgər Zərrabın əynində məhkum geyimi olmasaydı, onun bir şirkətin toplantısını idarə etdiyini zənn edərdim”.
Adam Klasfeld Zərrabın çəkdiyi sxemin olduqca qarışıq və qəliz olduğunu bildirib, “Daily Beast”ın müxbiri Katie Zavadski isə Zərrabın Dubay və İranda həyata keçirdiyi işləri sxemdə detalları ilə qeyd etdiyini iddia edib. Məhkəmə iclasında daha sonra “Halkbank”ın direktoru Süleyman Aslanla Zərrabın arasında keçən telefon danışığı dinlənilib.
Prosesə bir müddət ara verilib, iclas fasilədən sonra davam edəcək.
***
Prosesi izləyən amerikalı jurnalist Pete Bruşun yazdığına görə, fasilədən sonra Zərrab “Halkbank”la iş birliyində olan zaman İran Dövlət Neft şirkətindən şəxsi hesabına gələn bir pul transferindən bəhs edib. Zərrabın iddiasına görə, sanksiyaya tabe olan pulu boşa salmaq üçün o, Süleyman Aslanla işbirliyində olub.
Jurnaist Adam Klasfeldin qeyd etdiyinə görə, davanın digər müttəhimi Abdullah Happani ilə Rza Zərrab arasında keçən telefon danışığı da dəlillər arasında yer alıb. Jurnalist telefon danışığının səs yazısı kimi dinlədilmədiyini, mətn olaraq oxunduğunu qeyd edib.
Bugünkü proses başa çatıb. Məhkəmə sabah qaldığı yerdən – Rza Zərrabın ifadəsilə davam edəcək.
Musavat.com©