Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
FED.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Osmanova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror çıxışında bildirib ki, A.Osmanov dələduzluq əməllərini 2007-2009-cu illərdə törədib. Dövlət ittihamçısı qeyd edib ki, bu əməllərinə görə ona cəza təyin edilə bilməz. Çünki cəza təyin etmə müddəti başa çatıb.
Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.