KİV-də AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta vəsaitinin ödənilməməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
FED.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində, eləcə də "Telegram" sosial şəbəkəsində sığorta vəsaitinin ödənilməməsi ilə bağlı yalan məlumatlar yayılır.
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı - ARAŞDIRMANIN İLKİN NƏTİCƏSİ AÇIQLANDI
O da vurğulanıb ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib, bu təxminən 12,3 milyon dollar və ya 20,9 milyon manatdır.
Bundan başqa, Rusiya tərəfi elan edib ki, təyyarədə həlak olan və yaralanan sərnişinlərə görə də sığorta ödənişi edilib: "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib". Bu da təxminən 4,4 milyon dollar və ya 7,5 milyon manat deməkdir.
Təyyarə qəzasında həlak olan vətəndaşların - KREDİT BORCLARI SİLİNDİ
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.