Oktyabrın 16-da metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metro City” kimi tanınan ticarət mərkəzində baş verən yanğın nəticəsində yararsız hala düşən obyektlər yenidən bərpa olunur.
Yanmış ərazilərə yaxın, lakin ziyan görməmiş obyektlər də (Aptek, "Azercell", "Narmobile" dükanları, parça, suvenir, gümüş, parfümeriya dükanı, 2 valyutadəyişmə məntəqəsi) yenidən tikilir. Standartlara cavab verməyən həmin obyektlərin sökülərək yenidən tikiləcək ticarət mərkəzinin tərkibində olacaqlar. Yeni tikinti layıhəsinə əsasən, köhnə "Metro City"nin qarşısındakı 2 kiosk (biri mətbuat yayımı, digəri yaşıl kiosk) və 1 telefon dükanı da (şəhid ailəsinə məxsus) başqa istiqamətə köçürüləcək. Yeni tikiləcək ticarət obyektlərinin planı İcra Hakimiyyəti nümayəndəliyinin nəzarəti altında qurulub.
Sahibkarlara Nərimanov İcra Hakimiyyətindən bildirib ki, obyekt sahibinə - Füzuli Allahverdiyevə məxsus tikililərin ümumi sahəsi 810 kvadrat metrdir. Həmin ərazilərdə müasir tələblərə cavab verməyən bütün obyektlər ya sökülərək yenidən tikiləcək, ya da yeni əraziyə köçürüləcək.
FED.az icarəçilərlə F.Allahverdiyev arasında müzakirələri izləyib.
Füzuli Allahverdiyev FED.az-a bütün sahibkarların icarə haqlarını geri verdiyini və bundan sonra da hər bir zərərgörmüş icarəçilərə maddi dəstək göstərəcəyini bildirib:
"Hadisədir, oldu, kaş olmayaydı, amma olubsa da bunun öhdəsindən əl - ələ verib gəlməliyik. Bütün sahibkarlarla danışılıb, hər kəslə razılaşdırılıb. Yer hazırda bərpa olunur və hər kəsin yeri veriləcək. Bərpa olunana qədər də bütün icarəçilər maddi cəhətdən nəzərə alınıb. İstintaq davam edir deyə biz hadisənin nə səbəbdən baş verdiyini deyə bilmərik. Zərər barədə dəqiq nə isə deyə bilmərik. Çünki nəticəni bizə özləri deyəcəklər. Biz icarəçilərlə öz məsələmizi həll etmişik. Onların icarə ödənişləri geri qaytarılıb".