Saat 00:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
Bu barədə FED.az-a ADY-dən bildirilib.
Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində dünyasını dəyişib.
ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb:
“Piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə daha çox bağlıdır.
Qış mövsümünün başlanmasını nəzərə alaraq bir daha piyadalara səslənirik: Dəmir yolu xətlərini müəyyən olunmuş piyada keçidlərindən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün dəmir yolunu keçərkən ondan istifadə etməkdən çəkinin, qəflətən qatarın yoluna çıxmayın”.