Qobustanda pirotexniki vasitələrin satışı ilə məşğul olan mağaza sahibi məsuliyyətə cəlb edilib.
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan FED.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Qobustan şəhəri ərazisində yerləşən Cənnətalı Qayıbova məxsus ərzaq mağazasında külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddəyə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.