DSX-nin qəzaya uğramış helikopterindən sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib.
Eləcə də bax: Helikopter qəzasında 14 nəfər həlak olub, 2 nəfər yaralanıb - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, xəbər verir ki, onlar “REAL TV”yə danışıb.
Hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov bunları deyib: “Qəza enişin yerinə yetirilməsi zamanı baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterin desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin girişi yanında idim. Heç bir şübhəli məqam yox idi.
Helikopterlərin hamısı təzədir. Hər bir şeyi yoxlanılmışdı. O an mənim üçün saniyələr idi. Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə, külək günortadan sonra olmalı idi”.
Emil Cəfərov, həmçinin helikopterin pilotu, polkovnik Fizuli Cavadov barədə danışıb. O bildirib ki, F.Cavadov birinci dərəcəli pilot olub: “Bu insan hər birimiz üçün canlı əfsanə idi, təcrübəli idi. İşğaldan azad edilmiş ərazilərdə daim döyüş tapşırıqlarını yerinə yetirirdi. Uçuş icazələrinə görə hər ikisi ən yüksəkdə idi.
“Mİ-17” dünyada ən universal helikopterlərdən biridir. Bunlardan II Qarabağ müharibəsində də istifadə olunub. Təlim poliqonuna gələndən sonra hamı öz yerini tuturdu. Ondan sonra döyüş atışlarına başlayırdılar. Biz təlim zonasına gəlirdik ki, qəza baş verdi”.
Digər yaralı hərbçi, kapitan Ramil Ədilov bildirib ki, enişə gələndə birdən-birə idarəetmə itirilib: “Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki, buradayam. Heç bir kənar müdaxilə olmayıb. Külək də elə çox deyildi. Üzüm və sol dizim əzilib. Qalan hər şey qaydasındadır. Hər dəfə atış yerinə getdiyimiz poliqon idi. Helikopterin qarantiya müddəti bitmişdi. Təmirdən yeni gəlmişdi”.