Qazax, Ağstafa, Şəmkir və Goranboyda da güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
FED.az xəbər verir ki, Goranboyda əsən güclü gülək səbəbindən rayonun 85 yaşayış məntəqəsi üzrə 22 min 514 abonentin elektrik enerjisi və rabitə ilə təchizatında fasilələr yaranıb, bir neçə fərdi yaşayış, bina evləri və yardımçı tikililərin dam örtüklərinə, şəxsi avtomobillərə ziyan dəyib.
Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən baş vermiş fəsadların aradan qaldırılması istiqamətlərində aidiyyəti xidmət sahələri ilə birgə əməli tədbirlər görülüb. Hazırda, elektrik enerjisi və rabitə ilə təchizatın bərpası üzrə tədbirlər davam etdirilir.
Ötən axşam saatlarından başlayaraq təxminən bir saat ərzində Şəmkir rayonu ərazisində müşayiət olunan leysan yağışı və güclü külək rayon mərkəzində, həmçinin başqa yaşayış məntəqələrində fəsadlara səbəb olub, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Yaranmış fəsadların operativ şəkildə aradan qaldırılması ilə əlaqədar hazırda Şəmkir Rayon İcra Hakimiyyəti ilə aidiyyəti təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Eyni zamanda, Şəmkir Elektrik Şəbəkəsi tərəfindən güclü küləyin elektrik təsərrüfatında yaratdığı nasazlıqların aradan qaldırılması istiqamətində işlər görülür.
Analoji hadisə Qazax və Ağstafa rayonlarında da qeydə alınıb. Hər iki rayonda elektrik enerjisinin verilməsi hələ də tam bərpa olunmayıb. Parklarda, küçələrdə yaşayış binalarının qarşısında aşan ağaclar avtomobil və piyada yollarından yığışdırılıb. Hazırda problemlərin həlli istiqamətində işlər davam etdirilir.
Qeyd olunur ki, Ağstafada güclü külək nəticəsində dörd vətəndaş xəsarət alıb. (Report)