Daxili İşlər Nazirliyi tətbiq edilən karantin rejimində “Park İnn” hotelində keçirilən kütləvi tədbirlərlə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşaraq orada keçirilən tədbirin konfrans xarakterli olması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi müəyyən edilib.
"Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər", - deyə qurumdan bildirilib.
Xatırladaq ki, fevralın 25-i Səbail rayonunda yerləşən “Park İnn” hotelində "Avand Production”ın rəhbəri Ayaz Məmmədovun təşkilatçılığı ilə təltifetmə mərasimi baş tutub. Tədbirdə stilist, kosmetoloq, vizajist, müğənni, həkim və sair peşənin nümayəndələri “Türkiyə Zirvə Ödülləri” mükafatları ilə təltif olunublar. Bu hadisədən 4 gün sonra, martın 1-də həmin hoteldə bu dəfə “Caspian Events” şirkətinin rəhbərləri İlmirzə Ağabəyov və Tural Ələkbər "Luxury Society Baku" adlı mükafatlandırma mərasimi keçirib.