İmişli bitki mühafizə idarəsinin rəisi Qəhrəman Qəhrəmanov həbs olunub.
FED.az-ın Avropa.info-ya istinadən məlumatına görə, Qəhrəman Qəhrəmanov İmişli rayonunda pambıqçıların zəhərlənməsi hadisəsinə görə saxlanılıb.
Bundan əlavə, MKT-İK MMC İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyev və həmin müəssisənin aqronomu Surxay adlı şəxs də həbs olunub. Həbs olunan şəxslərin barəsində cinayət işi başlanılıb, cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılır.
Zəhərlənmə hadisəsi ilə məsuliyyət daşıyan vəzifəli şəxslərin həbsinin davam edəcəyi bildirilir.
Xatırladaq ki, kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. Onun yerinə Ələddin Eyvazov təyin olunub.
Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov da daxil olmaqla bir neçə nazirliyin rəhbərləri baş vermis hadisənin araşdırılması üçün İmişliyə getmişdi.
Hazırda İmişli rayon xəstəxanasında 12 nəfər həkim nəzarətində müalicəsini davam etdirir. Digər zərərçəkmişlərə tibbi yardım göstəriləndən sonra evə buraxıblar.