«Palmali Holding» şirkəti zəlzələ bölgəsində «Palmali» çadır şəhərciyi quracaq.
“Palmali Holding”dən Türkiyədə zərər çəkənlərə böyük dəstək - 10 000 000 LİRƏ ÖDƏNİŞ
FED.az-ın məlumatına görə, şirkət elan edib ki, Azərbaycanlı iş adamı Mübariz Mənsimov evsiz qalan insanlar üçün Çindən prefabrik evlər sifariş edib və həmin evlər 30 gün ərzində Türkiyəyə gətiriləcək və yaşayış məntəqəsi salınaraq ehtiyac sahiblərinə təqdim olunacaq: «Təbii fəlakətdən ötən 10 gün ərzində "Palmali Holding”in prezidenti Mübariz Mənsimovun başlatdığı yardım kampaniyasının dəyəri artıq 25 milyon türk lirəsini aşıb» - şirkətin aşıqlamasında deyilir.
Dəstək kampaniyasının davamı olaraq, zəlzələ nəticəsində evsiz qalan ailələr üçün çadır kəndi qurmaq məqsədilə "Palmali Holding”in İstanbuldakı könüllülərdən və şirkətin bir qrup əməkdaşından ibarət növbəti dəstə fəlakət bölgəsinə doğru yola çıxıblar.
Bu qrup fəlakət bölgəsində "Palmali” çadır şəhərciyini quracaq. Bunun üçün artıq zəlzələ bölgəsində xüsusi yer də ayrılıb"-deyə şirkət bildirir.
Xatırladaq ki, fevralın 11-də "Palmali Holdinq" in rəhbəri Mübariz Mənsimov Türkiyənin cənub-şərqində zəlzələdən zərərçəkmiş vətəndaşlara 10.000.000 TL(903.000 manat) dəyərində yardım göndərib.
Bundan əlavə, zəlzələdən ziyan çəkmiş 3 şəhərdə şirkətin göndərdiyi aşbazlar mobil mətbəxlərdə yemək bişirərək insanlara yemək paylayacaq.
Həmçinin, "Palmali Holding”in işçiləri bir aylıq maaşlarını zəlzələdən zərər çəkənlərə yardım işlərinə bağışlayıb.